Yazını böyüt
Yazını kiçilt
"Rusiyanın Azərbaycandakı səfirliyi öz teleqram kanalından Ukraynaya qarşı müharibədə həlak olan, əslən azərbaycanlı bir şəxs haqqında məlumat paylaşıb. Məsələ bu deyil. Əvvəl də bir neçə dəfə belə paylaşım olub, təbiidi, təbliğatlarını aparırlar, aparmalıdırlar. Həmin şəxsin talış xalqına mənsub olmasını xüsusi vurğulayırlar, söhbət bunda da deyil. Məsələ ondadır ki, həmin şəxs haqqında məlumatı öz səhifələrindən deyil, hansısa rus təbliğatının ruporlarından olan “Turanskiy ekspress” adlı teleqram kanaldan ediblər".
Hafta.az-ın yazdığına görə, bu sözləri Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin (CSSC) direktor müavini, siyasi ekspert Fuad Çıraqov bildirib. Onun sözlərinə görə, bu günlərdə məlumat yayılıbı ki, Mərkəzi Asiyadan olan döyüşçülərdən ibarət rusların və Suriya diktatoru Bəşər Əsədin tərəfində savaşan “Vagner”ə bənzər “Turan” adlı hərbi muzdlular var.
"Nə qədər həqiqət, nə qədər yalandır deyə bilmərəm. Burada əsas məlumatın yaratdığı psixoloji effekt və təsiridir. Daha sonra həqiqətən də tatarlardan və ya başqa xalqlardan ibarət Ukraynaya qarşı döyüşən bozqurd adlı dəstələr də yaratsalar təəccüblənməyin, beyinlərdəki disonansa fikir verərsiniz. Məqsədləri nədir? Məncə bu sözü, ümumiyyətlə türklərin hansısa birlik ideyalarını gözdən salmaqdır. Onsuz da bu sözdən heç kimin xoşu gəlmir: nə Qərbin, nə Cənubun, nə də Şərqin. Kiminsə istəyib, istəməsindən asılı olmayaraq, türk dövlətləri arasında son illər yaxınlaşma, ortaqlaşma və inteqrasiya prosesləri getməkdədir. Əlbəttə, vahid ordu və ya Avropa İttifaqına bənzər Turan adlı hansısa üst qurumun yaradılmasından hansısa ciddi siyasətçi və şərhçi danışmır - bu qeyri-real görür və ya az ehtimallıdır. Amma hər halda, bu coğrafiyanın müxtəlif bölgələrindən hər gün daha çox sadə insanın bunu arzuladığını görürük. Bu arzuları müxtəlif formalarda internetdə və sosial şəbəkələrdə ifadə etdikləri açıqdır. Təkcə facebookda tatarların, azərbaycanlıların, özbəklərin, qazaxların və sair olduğu onlarla qrup var, bir türkiyəli ilə yakut arasında ünsiyyət və kommunikasiyaların sayları artır. Bəzən biz özümüzü çox ağıllı hesab edən insanlar alt qatlarda gedən proseslərin fərqində olmuruq və ya ciddiyə almırıq. Azərbaycanda isə həm də altdan başqa trendlər və keyfiyyət dəyişiklikləri gedir ki, bu məni narahat edir", - deyib ekspert.
F.Çıraqov bildirib ki, hansısa ideyanı gülüş obyektinə çevirmək və gözdən salmaq ona qarşı ən yaxşı mübarizə vasitəsidir. Turan sözü və ideyasını birmənalı inkar edilsə, mübarizə aparılsa daha çox insanın diqqətini və rəğbətini qazana bilər. Ona görə də onu istifadə edib, xərcləyib, ucuzlaşdırmaq yolu seçilib. Bunun üçün hətta intellektual eksperimentlər edirlər, fərqli Frankeşteynlər yaradırlar. "Məsələn, Rusiyada provoslav-kommunistlər, provoslav-faşistlər əcaib simbiozlar kimi, türk-slavyan sivilizasiyası kimi ideyalar istehsal edirlər", - deyib F.Çıraqov.